Telefon, içki, narkotikdən sonra indi də pullu oyun asılılığı: Psixoloq danışdı

Son vaxtlar internet və mobil tətbiqlərdə yayılan, xüsusən uşaqları da cəlb edən pul qazandıran oyunlar geniş kütlələr arasında populyarlıq qazanır.
Bu oyunlar həm əyləncə, həm də real gəlir vəd etməklə insanların marağını cəlb edir. Lakin bu cür oyunların arxasında dayanan psixoloji mexanizmlər və təsirlər bəzən göründüyündən daha mürəkkəb və risklidir.
Real pul vəd edən oyunlar, xüsusilə zəif psixoloji müdafiəsi olan insanlarda güclü stimullar yarada, qərarverməni çətinləşdirə və sosial həyatdan təcridə səbəb ola bilər. Belə oyunların insan psixologiyasına necə təsir edir?
“Cebheinfo.az”– a mövzu ilə bağlı açıqlama verən psixoloq Vüsalə Əmiraslanova bildirdi ki, pul qazandıran oyunlar insanda asan gəlir arzusu ilə psixoloji asılılıq yaradır:
“Pul qazandıran oyunlar insanlarda asılılıq yaradır. Telefon, içki, narkotik asılılığı kimi bu da bağlılığın bir növüdür. Bu oyunların müəyyən həzzi var, yəni insanda pul qazanmaq həzzini yaradır. Əlbəttə ki, bu da iradəsi zəif və daha rahat pul qazanmaq axtarışında olan insanlarda bir növ bağlılıq yaradır”.
Psixoloq deyir ki, bəzi insanlar oyunlara olan asılılığı ciddi qəbul etmirlər:
“Oyun asılılığı bir növ qumar oyunlarında olan asılılığa bənzəyir. Pul qazanmaq həvəsi insanları bu oyunları oynamağa təşviq edir. İnsanlar həqiqətin fərqinə vardıqda artıq vəziyyəti idarə edə bilmirlər. Bu tip oyunların asılılığına düşən insanlar psixoloji müalicəyə çətin tabe olur. Müalicəsi də müəyyən qədər vaxt tələb edir”.
Gülər
“Cebheinfo.az”