ABŞ-dən İsrailin planına ETİRAZ

ABŞ-dən İsrailin planına ETİRAZ

ABŞ administrasiyasının Qəzzada atəşkəs müzakirələri zamanı İsrailin “işğal planına” qarşı çıxdığı iddia olunur.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ-də yayımlanan "Axios"  saytının məlumatına görə, Prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff ilə İsrailin Strateji İşlər naziri Ron Dermer arasında Ağ Evdə atəşkəs müzakirələrinə dair görüş keçirilib.

"Axios"-a danışan və görüşlə bağlı məlumata malik iki mənbəyə görə, görüşdə qətərli bir rəsminin də iştirakı ilə Vitkoff və Dermer İsrailin 60 günlük atəşkəs dövründə Qəzza zolağında hansı sərhədlərə çəkiləcəyi məsələsini müzakirə ediblər.

Görüşdə Dermer əvvəlki atəşkəslə müqayisədə daha az ərazidən geri çəkilməyi nəzərdə tutan bir xəritə təqdim edib. Lakin Vitkoff və Qətərli rəsmi işğalı davam etdirməyi nəzərdə tutan xəritənin qəbul edilməsinin mümkün olmadığını bildiriblər.

Vitkoff bu xəritənin “Smotrich planı”na bənzədiyini və Qəzza zolağının böyük bir hissəsində işğalın davam etməsini təklif etdiyini, bunun isə Tramp administrasiyası üçün uyğun olmadığını vurğulayıb.

Dermer isə İsrail Baş naziri Netanyahunun radikal sağçı koalisiyadan ciddi təzyiqlərlə qarşı-qarşıya qaldığını və böyük güzəştlər verməməsi üçün təzyiq edildiyini bildirib.

Qeyd olunub ki, Dermer, Vitkoff və qətərli rəsmi arasında baş tutan bu görüş Netanyahu və Tramp arasındakı görüşdən dərhal əvvəl keçirilib.

İsrailin Qəzzanın cənubunda — Rəfah və Xan Yunis şəhərlərini bir-birindən ayıran Morag koridorunda qalaraq Rəfah şəhərini nəzarətdə saxlamaq israrı da müzakirələrdə çətinlik yaradan məsələlərdən biri olub.

Nigar Hacılı 
"Cebheinfo.az"