İnsanlar və heyvanlar arasında qladiator döyüşünün İLK SÜBUTU

Yeni bir araşdırma Roma dövründə insanlar və heyvanlar arasında qladiator döyüşünün ilk fiziki sübutunu üzə çıxarıb.
“Cebhenfo.az” xəbər verir ki, “PLOS One” jurnalında dərc edilən araşdırma kişinin Roma dövründəki möhtəşəm döyüş kontekstində böyük bir ətyeyən heyvanın hücumuna məruz qaldığına dair inandırıcı sübutlar təqdim edir.
Tədqiqat İrlandiyanın Maynooth Universitetinin antropologiya professoru və tələbə işləri üzrə vitse-prezidenti Tim Tompsonun rəhbərlik etdiyi beynəlxalq arxeoloq və osteoloqlar qrupu tərəfindən aparılıb.
Qədim mozaika və saxsı qablarda qladiatorların aslanların dişləməsi təsvirləri olub, lakin bu, skeletdə aslan kimi böyük bir heyvanın diş izlərinin dünyadakı yeganə inandırıcı məhkəmə tibbi sübutudur.
Tapıntılar İngiltərənin York şəhəri yaxınlığındakı Roma qəbiristanlığında tapılan və qladiatorların qalıqlarının olduğu güman edilən tək skeletə əsaslanır. Nümunənin sümüklərində fərqli xəsarətlər olduğu aşkar edilib ki, onlar diqqətlə araşdırıldıqdan və müasir zooloji nümunələrlə müqayisə edildikdə, böyük pişik növünün dişləmə izləri kimi müəyyənləşib.
Skeletin çanaq nahiyəsində dişləmə izləri Roma dünyasında döyüş və ya istirahət zamanı insanın iri yırtıcılarla qarşılıqlı əlaqəsinin ilk osteoloji sübutunu təqdim edir.
"Uzun illərdir ki, Roma qladiatorlarının döyüşü və heyvan tamaşaları haqqında anlayışımız əsasən tarixi mətnlərə və bədii təsvirlərə əsaslanır. Bu kəşf, bu dövrdə belə hadisələrin baş verdiyinə dair ilk birbaşa fiziki sübutdur və bölgədəki Roma əyləncə mədəniyyəti haqqında anlayışımızı dəyişdirir", - deyə araşdırmanın aparıcı müəllifi professor Tompson bildirib.
Xəzər
“Cebheinfo.az”