İnam Kərimov Şanxay Əməkdaşlıq Təşkilatının iclasında iştirak edib

2025-ci ilin 22-23 aprel tarixlərində Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimov Çin Xalq Respublikasının Hançjou şəhərində səfərdə olub.
"Cebheinfo.az" xəbər verir ki, səfər çərçivəsində İnam Kərimov öncə Çin Ali Xalq Məhkəməsinin sədri Zhang Jun ilə ikitərəfli görüş keçirib.
Sədr Azərbaycanda aparılan məhkəmə-hüquq islahatları və yeniliklər barədə ətraflı məlumat verib. Görüşdə məhkəmə sistemində qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb, həmçinin qarşılıqlı maraq doğuran məsələlər və iki ölkə arasında məhkəmə sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.
Daha sonra İnam Kərimov Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ali məhkəmə sədrlərinin 20-ci iclasına qatılıb. İclasda təşkilat çərçivəsində məhkəmə sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri çıxış edərək, iclasın dost ölkələr arasında uzunmüddətli hüquqi əməkdaşlığın qurulması baxımından əhəmiyyətini vurğulayıb.
Qeyd edilib ki, bu platforma birgə müzakirələr aparmaq, irəliləyişə yönəlmiş təcrübələr paylaşmaq və innovativ gələcəyə doğru addım atmaq üçün böyük bir fürsət yaradır.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məhkəmə-hüquq sistemində mütərəqqi islahatlar aparılır. Bu istiqamətdə ötən müddətdə görülən işlər nəticəsində qanunvericiliyə çoxsaylı dəyişikliklər edilib və bu dəyişikliklər Azərbaycanda məhkəmə sisteminin inkişafına mühüm töhfə verib.
İnam Kərimov eyni zamanda “Süni intellektin hüquqi tətbiqləri” mövzusunda çıxış edib. Bildirilib ki, süni intellekt hüquq sistemləri üçün geniş imkanlar təqdim edir. İş yükünü azaldır, ədalət mühakiməsinə əlçatanlığı artırır. Həmçinin vurğulanıb ki, süni intellekt hakimin rolunu əvəz etməməli, dəstəkləyici bir vasitə kimi xidmət etməlidir, hüquqi qərarlar həmişə təcrübəli hakimlərin səlahiyyətində qalmalıdır.
Konkret məsələlər müzakirə edildikdən sonra qanunun aliliyinin birgə təşviqi, insan hüquq və azadlıqlarının qorunması, qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi məqsədi ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərinin Ali Məhkəmə sədrlərinin Birgə Bəyanatı imzalanıb.
"Cebheinfo.az"